Poçt ərazisindəki tikinti ilə bağlı Sumqayıt bələdiyyəsindən AÇIQLAMA
Sumqayıt şəhər Bələdiyyəsinin Mətbuat Xidmətinin rəhbəri Nizami Rəsulov Sumqayit24.az-a açıqlamasında bildirib ki, "Aztelecom"a məxsus torpaq sahəsində qanunsuz aparılan tikinti işləri bələdiyyə tərəfindən dayandırılıb.
Belə ki, bələdiyyə əməkdaşları tərəfindən aparılan yoxlama zamanı həmin ərazidə tikinti proseslərinin başladığı müəyyən edilib:
"Sumqayıt şəhər ərazisində yerləşən və "Aztelecom" MMC-yə məxsus torpaq sahəsində icazəsiz şəkildə tikinti işlərinin aparıldığı aşkar olunub. Qanunvericiliyə uyğun olaraq, tərəfimizdən dərhal müdaxilə edilərək tikinti fəaliyyəti dayandırılıb. Hazırda məsələnin hüquqi əsasları araşdırılır".
Sözügedən torpaq sahəsi "Aztelecom"un balansındadır və üçüncü şəxslərin həmin ərazidə hər hansı tikinti aparması qanunsuzdur.
***
Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində əhaliyə rabitə və poçt xidmətlərinin göstərilməsi üçün dövlət tərəfindən illər öncə ayrılan torpaq sahəsində son günlər narahatlıq yaranıb.
Belə ki, sentyabr ayında sözügedən əraziyə daş tökülüb. Tribunainfo.az-ın əməkdaşları da elə hadisə yerində olublar.
Qeyd edək ki, bu ərazidə 2010-cu ildə Mehman Haqverdiyevin evi olub. Lakin, ərazi poçt üçün ayrıldığına görə bu şəxsin evi sökülüb.
Hadisə yerində olan M. Haqverdiyev məsələ ilə bağlı narazılığını bildirib:
"Əvvəllər mən qanuna tabe oldum, dövlətin ərazisini zəbt etmədim. Bu qanun hər kəs üçündür".
Məsələ ilə bağlı əraziyə polis əməkdaşları cəlb edilib. Hadisə yerinə baxış prosesi həyata keçirilib, protokol tərtib olunub.
Tikintiyə dair icazə sənədlərini tələb etdikdə isə Şakir Qasımov telefonda jurnalisti də məhkəmə ilə hədələyərək, sənədləri təqdim etməkdən boyun qaçırıb.
Eyni zamanda onlar ətraf yataqxanalarda yaşayan, qanunsuz tikintiyə etiraz edən vətəndaşları hədələyərək, asayişi pozublar. Hətta, süpürgəçi qadını işdən çıxarmaqla təhdid ediblər. Belə vəziyyət yerli sakinlərdə narahatlıq yaradıb.
Hadisə yerinə Bələdiyyədən nümayəndə gələrək daşı əraziyə tökən şəxslərə 800 manat verərək, daşları ərazidən uzaqlaşdırıb.
Məsələ ilə bağlı "Aztelekom" MMC-nin mətbuat xidmətindən Alidə Mustafayeva bildirib ki,
müvafiq torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq "Aztelekom" MMC-nin istifadəsi üçün ayrılıb:
"Ərazi ilə bağlı qanunsuz zəbt olunma halları olduğu təqdirdə məsələ qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
Əlavə olaraq bildirək ki, ərazidə rabitə xidmətlərinin təqdim edilməsində hansısa çətinlik mövcud deyil və xidmətlərdə kəsintinin olması ilə bağlı abunəçilərdən şikayət daxil olmayıb.
Rabitə xidmətlərində yaranmış çətinliklə bağlı vətəndaşlar "170" Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər".
Vətəndaşlar ümid edirlər ki, aidiyyəti qurumlar ölkə qanunvericiliyinə uyğun tədbir görəcəklər.