Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Sumqayıt Tibb Mərkəzində (STM) ittifaq üzvləri ilə görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə STM-nin direktoru Elnur Azadxanov, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov və Komitənin əməkdaşları iştirak ediblər.
Görüş zamanı həmkarlar ittifaqı üzvlərinin əmək münasibətləri, qarşılaşdıqları çətinliklər və mövcud problemlərin həlli yolları müzakirə olunub. Üzvlərin fikir və təklifləri dinlənilib, onların hüquq və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Çıxış edən STM-nin direktoru Elnur Azadxanov səhiyyə sistemində həyata keçirilən islahatların tibb işçilərinin fəaliyyətinə müsbət təsirindən danışıb. O, tibb işçilərinin sosial rifahının, maddi-texniki təminatın və iş şəraitinin yaxşılaşdırılmasının mərkəzin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Direktor həmkarlar ittifaqlarının səhiyyə işçilərinin maraqlarının qorunmasında mühüm rol oynadığını qeyd edərək, bu kimi görüşlərin əməkdaşların fikir və təkliflərinin öyrənilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbir zamanı həmkarlar ittifaqı üzvləri də əməkhaqqı, növbətçilik sistemi, sosial təminat və istirahət imkanlarının genişləndirilməsi kimi mövzularda suallar səsləndirib, təkliflərlə çıxış ediblər.
Qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb və onların mərhələli şəkildə həlli istiqamətində addımların atılacağı bildirilib.
Komitə nümayəndələri tərəfindən həmçinin görülən işlər, həyata keçirilən tədbirlər və qarşıdakı planlar barədə ətraflı məlumat təqdim edilib.