"Qalib gəldiyimiz üçün sevincliyik. Əvvəlki üç oyunda nəticələrimiz ürəkaçan olmayıb. Buna görə də qələbəyə çox ehtiyacımız var idi".
Bu sözləri Qol.az saytına müsahibəsində "Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom deyib. O, Misli Premyer Liqasının 8-ci turunda "Karvan-Yevlax" üzərində qazandıqları 4:1 hesablı qələbəni belə şərh edib:
"Oyuna yaxşı başladıq. Lakin hesabı açdıqdan sonra bir qədər sakitləşdik. Bunun nəticəsində fasiləyə yaxın qapımızda qol gördük. İkinci hissədə geridönüş edə bildik. Yüksək temp nümayiş etdirdik və daha üç dəfə fərqləndik. Bu tempi davam etdirmək lazımdır".
Fransız forvard Yevlax klubu ilə görüşdə dubl etməsinə belə münasibət bildirib:
"Əlbəttə, komandamın qələbəsində pay sahibi olduğum üçün sevincliyəm. Lakin əsas mənim qol vurmağım yox, qələbənin ardını gətirməkdir. Çünki növbəti turlarda da xallara çox ehtiyacımız var".
Ramalinqom bildirib ki, bu qələbə komandaya növbəti turlar üçün motivasiya olacaq:
"Bu tempi saxlamalıyıq. Azərbaycan çempionatında asan oyun yoxdur. Hər görüş çətin keçir. Bununla belə, əlimizdən gələni etməliyik ki, bu cür davam edək. Qələbələr qazanmaqla azarkeşlərimizi sevindirmək istəyirik".
Onun sözlərinə görə, çempionatda milli komandanın oyunları səbəbindən yaranan fasilə "Sumqayıt"ın xeyrinə olub:
"Son turda "Turan Tovuz"a öz meydanımızda uduzmuşduq. Ümumilikdə isə son 3 matçda cəmi 1 xal toplamışdıq. Ona görə də fasilə yerinə düşdü. Həm fiziki, həm də psixoloji baxımdan gərginliyi üzərimizdən atdıq. Yaxşı hazırlıq keçdik və bunun da faydasını gördük".
32 yaşlı forvard növbəti turda "Zirə"yə qarşı keçirəcəkləri matçdan da söz açıb:
"Dediyim kimi, Azərbaycan çempionatında hər oyun çətin keçir. Üstəlik, "Zirə" yaxşı rəqibdir. Son mövsümlər medalçılar sırasında yer alır. Bu mövsüm də iddialıdırlar. Heyətlərində yaxşı oyunçular var. Lakin biz də zəif deyilik. Yaxşı komandamız var. İnanıram ki, uğurlu çıxışımızı davam etdirəcəyik".