2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsindən 5 il ötür. Həmin ilin oktyabr ayının 23-də cəbhənin Xocavənd, Cəbrayıl, Zəngilan və Füzuli istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
Sumqayit24.az müharibənin 27-ci günündə baş vermiş hadisələri xronoloji ardıcıllıqla təqdim edir:
Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib. Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi "X" səhifəsində məlumat verib.
Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad olunub.
Prezident İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb.
Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, mühüm ərazi və yüksəkliklər azad edilib. Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edib, fərarilik edərək mövqeləri tərk ediblər.
Ermənistan silahlı qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı (PUA) zərəsizləşdirilib, digər iki PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib. Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən bir taktiki pilotsuz uçuş aparatı məhv edilib.
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 23-ü saat 12:00-dək 63 mülki şəxs həlak olub, 298 nəfər xəsarət alıb, 2156 ev, 90 çoxmənzilli yaşayış binası və 398 mülki obyekt yararsız vəziyyətə düşüb.