Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində yenilənmə sevinci uzun çəkmədi. Bir neçə gün öncə xəttə buraxılan müasir "Karsan" markalı avtobuslar "Tərlan" istiqamətində cəmi üç gün işlədikdən sonra qəfil xətdən çıxarılıb. Onların yerinə isə yenidən köhnə, texniki cəhətdən nasaz avtobuslar buraxılıb.
Sakinlərin Musavat.com-a verdiyi məlumata görə, "Karsan" avtobusları sərnişinlər tərəfindən böyük razılıqla qarşılanıb. Onlar həm komfort, həm də təhlükəsizlik baxımından əvvəlki avtobuslardan qat-qat üstün idi:
"Bu avtobuslar təzə və içərisi təmiz idi. Nəhayət, normal şəraitdə hərəkət edəcəyimizi düşündük. Amma cəmi üç gün işlədilər, sonra onları birdən-birə yığışdırdılar. Heç kim izah vermir ki, niyə belə oldu".
Hazırda xəttə buraxılan avtobusların köhnə olduğu, tez-tez sıradan çıxdığı, sərnişinlərin təhlükəsizliyini risk altına qoyduğu bildirilir.
Maraqlıdır ki, sözügedən "Karsan" avtobusları əvvəllər Gəncənin 4 nömrəli marşrut xəttində istismar olunub.
Lakin indi bu yeniliyin ləğv olunması ictimai suallar doğurur: Nə baş verdi? Yeni avtobuslar niyə geri yığıldı? Texniki problem olub, yoxsa marşrutun idarəçiliyində başqa maraqlar var?
Sakinlər ümid edirlər ki, məsul qurumlar bu qərara aydınlıq gətirəcək və 522 nömrəli xəttdə yenidən rahat, təhlükəsiz və müasir avtobusların fəaliyyəti bərpa olunacaq.
"Saray-Sumqayıt xətti onsuz da hər gün doludur, bəzən avtobuslara minmək mümkün olmur. Yeni avtobuslar həm geniş idi, həm də təhlükəsiz. Niyə onları geri yığışdırdılar, anlaya bilmirik", - deyə sərnişinlər bildirirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-a bildirilib ki, Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində daşıyıcı tərəfindən hər hansı bir yenilənmə aparılmayıb:
"Sözügedən avtobuslar daşıyıcı tərəfindən müvəqqəti olaraq ərazi üzrə infrastruktur və digər uyğunluqla əlaqəli sınaqdan keçirilib. Tərəfimizdən daşıyıcıya avtobus parkının yenilənməsi və nizamlı sərnişindaşımanın həyata keçirilməsi ilə bağlı tapşırıq verilib".