Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.
Sumqayit24.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:
2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.
Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:
Məsələn, aylıq maaşınız 1 000 manatdırsa;
Gəlir vergisi: 30 ₼
DSMF ayırmaları: 86,00 ₼
İşsizlikdən sığorta haqqı: 5,00 ₼
İcbari tibbi sığorta: 20,00 ₼
Tam əməkhaqqı: 859 ₼