Sumqayıtlı şahmatçı Şəhriyar Məmmədyarov Avropa çempionatının son turunda bir dəqiqəlik konsentrasiyanı itirib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qurumun rəsmi saytına açıqlamasında deyib. O, Gürcüstanın Batumi şəhərində komandalar arasında keçirilən yarışın kişi şahmatçılardan ibarət milli üçün sabit alındığını bildirib:
"Şahmatçılarımız son tur ərəfəsində məğlub olmayan yeganə komanda idi və təəccüblü deyil ki, birinci yerdə qərarlaşmışdılar. Təəssüf ki, IX turda istədiyimiz nəticə alınmadı".
AŞF rəhbəri bildirib ki, şahmatda son turun öz qəribəlikləri var:
"Son turda oyunlar daha tez başlayır, şahmatçılar yorğun olur və səhvlərin sayı artır. Ona görə çempionatı yüksək səviyyədə keçirən Şəhriyar son partiyada bir dəqiqəlik konsentrasiyanı itirdi. Bu, yorğunluqla bağlıdır, unutmayaq ki, Şəhriyar ardıcıl 9 turda mübarizə apardı. Bizim həm kişi, həm də qadın şahmatçılardan ibarət komandalarda 9 tur oynayan yalnız Şəhriyar oldu və əsl lider olduğunu göstərdi".